VƏRƏSƏLIK NƏDIR
Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
QANUN ÜZRƏ VƏRƏSƏLƏR KIMLƏRDIRLƏR?
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə – ölənin uşaqları, arvad (ər), valideynlər.
İkinci növbədə – ölənin bacıları və qardaşları. (miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın).
Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. (nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın).
Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.
Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
KİMLƏR VƏRƏSƏ OLA BİLMƏZLƏR?
Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər də qanun üzrə vərəsə ola bilməzlər.
MİRASIN TƏRKİBİ NƏDƏN İBARƏTDİR?
Miras qoyanın vərəsəlik üzrə keçən əmlak hüquq və vəzifələrinin toplusu, o cümlədən bəzi qeyri-əmlak hüquqları miras adlanır. Miras vərəsəlik hüququnun əsasını təşkil etdiyindən, vərəsəlik hüququ məhz miras olduqda yaranır. Deməli, miras yoxdursa, vərəsəlik hüququ da mövcud ola bilməz. Mirasın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu, ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
MİRASA DAXİL OLMAYAN ƏMLAK HANSILARDIR?
Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.
MİRAS NƏ VAXT HARADA AÇILIR?
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
MİRAS NECƏ VƏ HANSI MÜDDƏTƏ QƏBUL EDİLİR?
Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
MİRAS QOYANIN NƏVƏ-NƏTİCƏLƏRİ NƏ VAXT VƏRƏSƏ OLURLAR(TƏMSİLÇİLİK ÜZRƏ VƏRƏSƏLİK)?
Miras qoyanın nəvə və nəticələri öz valideynlərinin sağlığında vərəsə olmurlar. Ölənin nəvə-nəticələri o halda qanun üzrə vərəsə sayılırlar ki. Mirasın açıldığı vaxt miras qoyanın vərəsə olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Vərəsəlik hüququnun bu qaydada ötürülməsi təmsilçilik hüququ üzrə vərəsəlik adlanır. Bu ancaq miras qoyanın nəvə-nəticələrinin vərəsə olacaq valideynlərinin miras açılanadək ölməsi faktı ilə yaranan hüquqdur.
VƏRƏSƏLİK HAQQINDA ŞƏHADƏTNAMƏ HANSI MÜDDƏTƏ VERİLİR?
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
VƏRƏSƏLİK ŞƏHADƏTNAMƏSİNİN VERİLMƏSİ İLƏ ƏLAQƏDAR NOTARİUSA HANSI SƏNƏDLƏR TƏQDİM OLUNMALIDIR?
- miras qoyanın ölümü haqqında şəhadətnamə;*
- miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;*
- vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi);*
- mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;
- qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
- miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
- miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış.*
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilərkən vəsiyyətnamənin əsli də təqdim edilməlidir (vəsiyyətnamə başqa notariat ofisində təsdiq edildikdə və ya Dövlət notariat arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd aparılmaqla).
Qeyd: Yuxarıda * işarəsi ilə göstərilən sənədlər notarius tərəfindən informasiya sistemlərindən əldə edilir, bu mümkün olmadıqda isə vətəndaşdan sənədin kağız nüsxəsi tələb olunur.
VƏRƏSƏLIK ŞƏHADƏTNAMƏSININ VERILMƏSINƏ GÖRƏ DÖVLƏT RÜSUMU NƏ QƏDƏRDİR?
“Dövlət rüsumu haqqında”Qanunun 10.9-cu maddəsinə əsasən qanunla müəyyən edilən bütün növbəli vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsinə görə 20 manat, əgər vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə bu halda 40 manat məbləğində dövlət rüsumu(haqq) ödənilməlidir.
VƏRƏSƏLIK IŞININ AÇILIB AÇILMAMASINI NECƏ ÖYRƏNMƏK OLAR?
Vərəsəlik işinin açılması barədə məlumatı Ədliyyə Nazirliyinin Elektron Xidmətlər portalında yerləşdirilmiş “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” adlı bölməyə daxil olaraq ölən şəxsin soyadı, adı və atasının adını, eləcə də ölüm tarixini daxil etməklə əldə etmək mümkündür. Vərəsəlik işinin açıldığı təqdirdə ekranda onun açıldığı notariat ofisi və açılma tarixi barədə məlumat əks olunacaqdır. Xidmətdən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://exidmet.justice.gov.az:8284/Notariat/InheritanceInfo
NIKAHDANKƏNAR UŞAQ VƏRƏSƏ SAYILIRMI?
Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
ƏGƏR ŞƏXS ÖLKƏ XARİCİNDƏ YAŞAYIRSA BU HALDA VƏRƏSƏLİK İŞİ HARADA AÇILMALIDIR?
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
VƏSİYYƏTNAMƏDƏN KƏNARDA QALMIŞ ƏMLAKA VƏRƏSƏLİK ŞƏHADƏTNAMƏSİ HANSI QAYDADA VERİLİR?
Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
VƏSİYYƏTNAMƏ OLDUQDA MİRASDA KİMLƏRİN MƏCBURİ PAYI VARDIR?
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
MİRASI BÜTÖVLÜKDƏ DEYİL QİSMƏN QƏBUL ETMƏK MÜMKÜNDÜRMÜ?
Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır.